Güney türklərinə qarşı \"Eurovizion\" həqarəti
Araşın Azərbaycan musiqisini ələ saldığı məlum oldu
Xəbər verildiyi kimi, bu ilki "Eurovizion" musiqi yarışmasında Azərbaycanı gənc müğənni Aysel Teymurzadə təmsil edəcək. O, Avropanın ən nüfuzlu musiqi yarışmasında fars əsilli bəstəkar Araşın mahnısını oxuyacaq. Bu isə Azərbaycanın həm qüzey, həm də güneyində ciddi narazılıqla qarşılanıb. Müğənninin fars mənşəli olmasını önə çəkənlər xüsusən indiki situasiyada - Güney Azərbaycanda 30 milyon soydaşımızın İran irticası tərəfindən repressiyaya uğradılmasını əsas gətirərək, bunu həmin soydaşlarımıza qarşı hörmətsizlik sayırlar. Artıq Güney türkləri öz haqlı narazılıqlarını müxtəlif vasitələrlə ifadə etməyə başlayıblar. Sədrəddin Soltan: "Bəs harda qaldı Üzeyir bəy, Qara Qarayev musiqi məktəbi və onun davamçıları?" "Araş həmişə özünü fars mədəniyyətinin daşıyıcısı hesab edib. Bunu mügənni müxtəlif ölkələrdəki çıxışlarında da dəfələrlə dilə gətirib ". Mövzu ilə bağlı "Alma"ya açıqlamasında Güney Azərbaycan məsələləri üzrə müstəqil ekspert Sədrəddin Soltan belə deyib. Sədrəddin bəy bu baxımdan güneyli soydaşlarımızın narazılıqlarının haqlı olduğu qənaətindədir: "Araş Ləbbasi özünü fars mədəniyyətinin daşıyıcısı saydığından fars dilli saytlar da onu "Eurovizion"da fars musiqisinin təmsilçisi kimi təqdim edirlər. Təbii ki, belə situasiya Güneydə milli azadlıqları uğrunda mübarizə aparan insanların heysiyyatına toxunur. Bunu bir tərəfə qoyaq, bizim rəsmilər musiqimizin şöhrətindən danışarkən ağızlarına çulul dovşan yerləşmir. Bəs nə oldu Üzeyir Hacıbəyov, Qara Qarayev musiqi məktəbi, harda qaldı onların davamçıları? Azərbaycanda yarışmaya çıxarmaq üçün bircə mahnı yaza biləcək bəstəkar tapılmadı? Ötən il Gövhər Həsənzadənin yazdığı mahnı ətrafında bəy tərifi qurmuşdular. İndi belə çıxır ki, həmin mahnı zəif olub, əcnəbi bəstəkara üz tutmaq məcburiyyətində qalıblar". Cənab Soltan deyib ki, əcnəbi bəstəkarla əməkdaşlıq qurularkən mənəvi amillər mütləq nəzərə alınmalıydı: "Qardaş, heç olmasa, alman, yapon, ingilis bəstəkarının mahnısına müraciət etmək olar. Çünki onlarla bizim hansısa milli problemimiz yoxdur. Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyovun əsəri əsasında Nikita Mixalkov film çəkdi və Oskar qazandı. Biz bir söz demədik ki? Amma Rüstəm İbrahimbəyovun əsəri əsasında erməni rejissorunun film çəkmək istəyi bizi qıcıqlandırdı və buna etiraz etdik. Harda ki millətin mənafeyi söhbət mövzusudur, orada millət öz dəyərləri ilə təmsil olunmalıdır. Əgər bu məmləkətin musiqisi inkişaf etməyibsə, onda hansısa əcnəbi vasitəsilə yarışmaya qatılmağa da ehtiyac yoxdur. Amma təmsil olunuruqsa, onda bu məmləkətin, dövlətin, millətin musiqisi səslənməlidir. Bu dəfə zəif alınar, növbəti dəfə yaxşı olar. Gövhər Həsənzadənin bəstələdiyi mahnı ilk iştirakımızdaca 9-cu yerə çıxdı. Pis nəticə idi? İmkan verilməliydi ki, bu dəfə Vüqar Camalzadə, Firudin Allahverdi mahnı yazsın. Bu, həm də belə tip yarışmalar üçün musiqi yazılması yönündə məktəbin formalaşmasına, təcrübənin artmasına səbəb olardı".
"Baş verənlərdən belə çıxır ki, Araş Azərbaycanı yox, bir qrup adamı təmsil edir" Sədrəddin Soltanın fikrincə, Araşın yarışmada Azərbaycanı təmsil etməsi milli maraqların yox, kimlərinsə şəxsi maraqlarının təzahürüdür: "Elə bilirsiz, Araş havayı oxuyacaq?! Yəqin ki, ona külli miqdarda qonorar boyun olublar. Həmin pulu öz bəstəkarlarımızın alması pis olardı? Təbii ki, yaxşı olardı və üstəlik bu tip mahnıların yazılması üçün normal rəqabət mühiti formalaşardı. Bəstəkarlar İttifaqından deyirlər ki, bizi bu məsələyə yaxın buraxmayıblar. Ölkənin bir çox tanınmış bəstəkarları da onların fikirləri ilə kiminsə maraqlanmadığını bildirib. Onda "bu yarışmada kim təmsil olunur və kimi təmsil edir" sualı ortaya çıxır. Belə çıxır ki, Araş Azərbaycanın yox, bir qrup adamın təmsilçisidir. Araşın mənim ana dilimdə bircə dənə də mahnısı yoxdur. Araş özünü o mədəniyyətin təmsilçisi hesab edir ki, o mədəniyyət 30 milyondan yuxarı soydaşımızı assimilyasiyaya məruz qoyub. Onun "Eurovizion"da Azərbaycanı təmsil etməsi bir erməninin "Sarı gəlin"i oxumasına bərabərdir. Mən musiqi sahəsinin adamı olmasam da, dövlətin, millətin ləyaqəti məsələsindən xəbərdaram. Ona görə də Araşın yarışmada Azərbaycanı təmsil etməsini etirazla qarşılayanları başa düşürəm və onlarla bir sıradayam". Sabir Rüstəmxanlı: "Gürcülərdən örnək götürmək olardı, onlar "Eurovizion"dakı mahnılarını Putinə qarşı çeviriblər" Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı da "Alma" qəzetinə dünənki açıqlamasında fars əsilli Araşın Azərbaycanı "Eurovizion"da təmsil etməsini biabırçılıq kimi qiymətləndirib. Cənab Rüstəmxanlı deyib ki, bu, Azərbaycan mədəniyyətinə həqarətdir: "Mən buna çox təəssüfləndim. Azərbaycanda kifayət qədər istedadlı bəstəkarlar və kifayət qədər də problemlər var. Heç olmasa, gürcülərdən ibrət dərsi götürmək lazım idi. Onlar yarışmaya çıxaracaqları mahnını Putinə qarşı çeviriblər. Gürcülərin "Eurovizio"nda ifa edəcəkləri mahnı siyasi mahnıdır, öz ölkələrinin mənafe və maraqlarının ifadəsidir. Amma təəssüf ki, biz Azərbaycanı bu yarışmada təmsil etməyi fars mənşəli Araşa həvalə etmişik. Bu, biabırçılıqdır. Araşın bu yarışmada bizi təmsil etməsi Azərbaycanın mədəniyyətinə, mədəniyyət xadimlərinə, böyük musiqi ənənələrimizə hörmətsizlikdir. Azərbaycanda çox qəribə bir tendensiya yaşanır. Bir yandan türk dilində verilişlərə qadağa qoyurlar, bir yandan da fars mənşəli mügənni bizi Avropada təmsil edir. Bunlar hamısı bir-birinə bağlı proseslərdir". Ağrı Qaradağlı: "Araşın Güney türkü kimi xalqa sırınmasından qəzəblənmişik” "Araşın Azərbaycan televiziyalarında cənublu soydaşımız kimi təqdim edilməsi bizi bərk qəzəbləndirib". Bunu isə "Alma"ya açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı bildirib: "Halbuki Araş dəfələrlə BBC -yə, Əl-Cəzirə telekanalına verdiyi açıqlamada atasının əfqan, anasının isə fars mənşəli olduğunu bildirib. Çox təəssüf ki, Azərbaycanın İctimai Televiziyası onu Güney Azərbaycan türkü kimi xalqa sırımaq istəyir. Araş azərbaycanlı olsaydı, cənublular heç vaxt onun yarışmadakı iştirakına etiraz etməzdilər. Araş Əl-Cəzirəyə verdiyi müsahibədə Azərbaycan musiqisini, mədəniyyətini aşağılayan ifadələr işlədib və bildirib ki, Azərbaycan musiqisi həddindən artıq zəif olduğu üçün yarışmaya mahnı bəstələnməsini ona tapşırıblar. Azərbaycana qarşı belə münasibət haqlı olaraq Güneydəki soydaşlarımızın narazılığına gətirib çıxarıb. Araşı yarışmaya göndərənlər təkcə güneylilərin yox, bütün azərbaycanlıların heysiyyatını ələ salıblar". Şərhsiz: Araş farsların əfsanəvi qəhrəmanlarından birinin adıdır. Əfsanəyə əsasən, fars imperatorluğu ilə Turan arasında savaş elan edilir və Araş bu müharibədə iştirak edir. Sonda sülh elan olunur, qərara alınır ki, Turanla İranın sərhədini müəyyənləşdirmək üçün Araş ox atsın. O, Damavənd dağına çıxır, atdığı ox uzun məsafə qət etdikdən sonra Ceyhun (indiki Amu-Dərya) çayının yaxınlığındakı bir qoz ağacına sancılır. Həmin çay İranla Turanın sərhədi olur. Amma Araş bütün gücünü oxu atmağa sərf etdiyindən özü də param-parça olur və bədəninin hissələri İran torpaqlarına yayılır. Natiq Muxtarlı
|
|
|