Güney Azerbaycan Xeber Ajansı  
 
Ana Sayfa  -   Arşiv   -  Linkler  -  Videolar  -  Bizimlə İlgi  - Bizimhaqda

صفحه اصلی   -   آرشیو    -  لینکها  ویدیوها  -  ارتباط  -  درباره ما

 خبر اکلین :

 urmulu ¬

 تاریخ : 5/30/2010

 
 

  Mahmudəli Çöhrəqanlı: "Güneydəki milli şüur nə Quzeydə var, nə də Türkiyədə"
 

 Mahmudəli Çöhrəqanlı:

Doğma yurdunda həbs və təhdidlərdən sonra ABŞ-da məskunlaşaraq mühacir həyatını seçən, arada Türkiyədə və Quzey Azərbaycanda "persona-non qrata" elan edilərək ölkədən çıxarılan Mahmudəli Çöhrəqanlı bu günlərdə Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədrliyindən istefa verdi. Həm sonuncu addımı, həm də bir sıra məsələlərlə bağlı suallarımızı cavablandıran doktor Çöhrəqanlı, yaşlandıqca vətən həsrətini daha çox çəkməyə başlamış kimi görünür indi...

   
- ABŞ-da yaşadığınızı bilirik, amma hansı ştatda, hansı şəhərdə...

   
- Mən ABŞ-ın başkəndi Vaşinqtonun 15 km uzaqlığında, Virciniya ştatının Fiarfax şəhərində yaşayıram. Ailə üzvlərimin çoxu yanımdadır, Təbrizdə qalanlar da var.

   
- Soruşmaq bəlkə bir qədər doğru çıxmır, yaşayışınız, dolanışığınız necədir?

   
- Ailə üzvlərinin çalışması ilə, vətən və millətini saymayanlara möhtac olmadığımıza şükür edirik.

   
- Artıq 8-9 ildir Amerikadasınız. Uyğunlaşmısınızmı oranın mühitinə?

   
- Yox, hər cür azadlıqlara baxmayaraq sanki ev dustağı həyatı yaşamaqdayıq, buralar bizlər üçün deyilmiş, ay qardaş. Dünyanı dəyişmərəm Təbrizimin küçələrində yelin qaldırdığı toz-torpaqlara, keşkə buralara qədər gəlib çatsaydı, gözlərimizi sürmələyərdik işıqlansın deyə, vətənin toz-topraqları ilə.

   
- Son illər siyasi fəaliyyətiniz duyulmur. Yoxsa, birdəfəlik mücadiləyə əlvida dediniz?

   
- Milli mücadiləyə girdiyim andan, bir gün belə bu mübarizə meydanından uzaq olmamışam. Bu yola əlvida demək, milli namusu təcavüzkar fars faşizminə tapşırmaq deməkdir. Ulusal namusunu təcavüzkarlara tapşıranlara nə deyərlər, hamımız yaxşı bilirik. İnşallah, onlardan olmamışıq və heç zaman da olmayacağıq. Bizim çalışmalarımız bir gün belə dayanmayıb və günü-gündən milli hərəkatımız güclənməkdədir. Mənim misssiyam bəlkə də yalnız ocağa gərəkən odunu yığaraq alovlandırmaq və bir də onu yanar saxlayaraq, hərarətini bütün dünyaya səpələnmiş soydaşlarımıza çatdırmaqmış. Qalanını da həm bizlər, həm də millətimizin doğaraq bəslədiyi və mənim kimilərə dərs verə biləcək qədər güclü liderlər yürüdəcək bəlkə də...

   Heç unutmayaq ki, Güneydə qurtuluş prosesi çox gözəl və dərin yürüməkdədir. Biz zatən tam başarı ilə bir böyük devrim yapmışıq. O da əriyib bitmə halında olan 35 milyon toplumun böyük bir kəsimini oyadaraq millətləşdirmək devrimidir. Məncə Güneydə bu proses Quzeydən və hətta Türkiyədən də dərin və sağlam bir şəkildə sona ərmişdir, İndi Güneydə olan milli şüur nə Quzeydə var, nə də Türkiyədə.

   Düzgün və dərin millətləşən toplum gec-tez dövlətini quracaqdır. Bu millət anlayıb ki, dövlətsiz bir millət dünyanın eniş-yoxuşlarında itib-batıb yox olacaq. Dövlətsiz bir millət dünyanın siyasi qasırğalarında toz olub getməlidir, yiyəsiz bağ bostan nə isə dövlətsiz millət də odur. Bu məsələni ən dərindən anlayan Güney Azərbaycandakı Türk ulusudur, Biz keçən 15 il fəaliyyətlərimizdə bu başarını əldə etmişik və yolun qalanında yorulmadan bütün gücümüzlə davam edəcəyimizə şərəf və namusumuz üzərinə and içmişik.

   
- Təbrizdən ayrılmağınızdan 10 ilə yaxın vaxt keçir. Bu 10 ilin kəsiyində geriyə dönüb baxanda, ölkədən çıxmaq qərarınızı haqlı sayırsınız, yoxsa əksini düşünürsünüz?

   
- Vətəndən ayrılmaq və qürbətlərdə mübarizəni davam etmək, milli hərəkatımızın tarixi zərurətindən doğan bir qərarıdır. Bu zərurət ortadan qalxarsa və yenidən Güneydə olmağım gərəkərsə, zaman qaçırmadan geri dönərəm. Bu dönüş olacaq. Ancaq zamanını milli mənfəətlərimiz təyin edəcək.

   
- Təbrizlə bağlı yaşantılarınızda daha çox xatırladığınız nədir?

   
- Qardaşım, sirdaşım və silahdaşım Qulamrza Əmani ilə olan xatirələr. Təbrizdəki evimdə millətçilərlə görüşlərim və onlarla gülüb ağlaşmalarım. Məhkəmə, zindan və ardıca ölüm orucu tutduğum günlər. Və bunlara bənzər çoxlu dəyərli xatirələr.

   
- İranda keçirilən son prezident seçkisində "yaşıl hərəkat" deyilən bir cərəyan yarandı və hazırda da fəaliyyətdədir. "Yaşıl hərəkat"a, onun lideri Mirhüseyn Musəviyə münasibətinizi bilmək istərdik...

   
- "Yaşıl hərəkat" bir neçə yönlü siyasi qrupu birləşdirib. Durumun dəyişməsi ilə hədəflərinə çatmaq istəyirlər. "Yaşıl hərəkat"ın görünən liderləri İran İslam Cumhuriyyətini qorumaq üçün bir sıra dəyişmə və islahatın gərəkli olduğunu ortaya qoysa da, "yaşıl hərəkat"da rejimi tam devirmək istəyən qüvvələr də çalışmaqdadır. Ancaq burada başlıca bir məsələ var. O da artıq indiki sistemin ömrünün bitməsidir. İranda monarxiyanın, istibdad və istismarın din pərdəsi altında sürülməsi artıq dözülməz olub. İllərdir ki, İran deyilən ölkədə fars olmayan millətlər bu duruma qarşı etirazlarını bildirirlər. Bu gün isə artıq fars milləti də öz hakimiyyətini demokratlaşdırmaq istəyir. İrandakı hakim millətin demokratlaşması özü müsbət bir hərəkət olsa da, neçə illik şovinist təbliğatı altında tərbiyə alan fars millətinin demokratiya anlayışı kölgə altındadır. Əgər onlar Azərbaycan türklərinin millət olaraq haqlarını tanımazlarsa, bir araya gəlməyimiz mümkün olmayacaq. Bunu millətimiz "yaşıl hərəkat"a susqun yanaşması ilə də ortaya qoydu.

   
- GAMOH sədrliyindən istefa verdiniz. Təşkilatın bundan sonrakı taleyi necə olacaq?

   
- GAMOH millətimizin taleyini əsarətdən azadlığa dəyişmək istəyən bir təşkilatdır. GAMOH təməli içəridə (güneydə) qurulmuş və əsas gücü içəridə olan bir təşkilatdır. Milli oyanış, örgütlənmə, kadrolaşma və yeniləşməyi öndə tutub, son illərdə dəyərli gəlişmələr yaşamış təşkilatımız, bu gün elə bir səviyyəyə çatmış ki, artıq ona güvənərək millətimizin gələcəyini aydın görürəm. Bu təşkilatın millət yolundan sapmayacağına və milli gücə dayanaraq millətimizi qurtaracağına tam əmin olduğumuz üçün başqanlığını demokratik seçki yolu ilə ayrı bir başqana tapşırmağımızı düşünürük.

   
- Hazırda məskunlaşdığınız ölkə - ABŞ, içərisində milyonlarla soydaşımızın yaşadığı, tarixi torpaqlarımızın olduğu İran adlı dövlətə qarşı savaş açmaq istəyir. Siz buna tərəfdarsınızmı?

   
- Mən hələlik ABŞ-ın İrana qarşı savaş açmaq istəyinin qəti olduğunu rədd edirəm. Ancaq onun son seçənək kimi masa üzərində olduğunu ABŞ yönətimi dəfələrlə vurğulayıb. Gözlənilən savaşla bağlı mənim mövqeyimə gəlincə, mən milli mənfəətlərimizi əldə edərək qorumayan bir savaşa qarşı olduğumu ilk başdan deməliyəm. Onun nədənisə bəllidir. Güney Azərbaycan Milli Hərəkatı insancıl və mədəni ruh daşıdığından, bölgənin demokratiyaya, barış və stabilliyə çatmasına tərəfdar olduğu üçün bu tip savaşları arzulamırıq.

   Amma aydındır ki, vətənimizə göz dikmiş qonşuluğumuzda olan bəzi etnosların terror qrupları ya hər hansı təcavüzkar qüvvənin qarşısında milli savaş və milli müdafiə, elə vurğuladığım insancıllığın birinci zərurətidir.

   ABŞ-la İranın gözlənilən savaşına dönərsək, deməliyəm ki, onsuz da İrandakı azadlıqsevər millətlər və onların başında gedən Güney Azərbaycanın qəhrəman türk milləti tarix boyu sübut etdikləri kimi İranın irqçi rejimini yıxmağı başaracaqlar. Bu ulusun sarsılmaz balaları milli hərəkatı siyasi, iqtisadi, toplumsal, ailə və hətta bu gün idman sahələrində də yürüdüb önə aparırlar. Onların yaradacaqları devrim, müasir tariximizdə, istismarçı qüvvələrin öz maraqlarına uyğun İranda yaratdıqları üzdə siyasi inqilablar kimi deyil, tarixi bir dönüş olacaq. Bü dönüş, bölgənin barış, rifah və modern bir çağa girişim dönüşü olacaq. Bu devrim üçün bizim Amerika ordusuna heç ehtiyacımız yoxdur. Bu rejim inkişafa qarşı dayanıb, zamanla dirənməkdədir. O onsuz da getmək üzrədir, buna əmin olun. Ancaq nə edəlim ki, savaşün baş verməsi bizim ixtiyar dairəmizdən xaricindədir.

   
- 2006-cı ilin yayında Ankaraya və Bakıya səfər etdiniz. Və İranın təpkisi ilə qısa zamanda hər iki ölkədən çıxarıldınız. Bu yanlara nə zaman gəlməyi düşünürsünüz?

   
- Quzey Azərbaycana və Türkiyəyə səfərim onlarda olan şəraitin müsaid olması və milli hərəkət öncüllərindən məsləhətləşdikdən sonra olasıdır. Demək ki, imkan olan zaman doğma Azərbaycan vətənimin Quzey hissəsinə səfərimə heç nə əngəl olmayacaq.

   
- Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy sizə "Güney Azərbaycanın ən böyük liderlərindən biri" deyə xitab edərdi. "Ən böyük lider" missiyasını daşımağa Mahmudəli bəyə nə mane oldu?

   
- Öndərimiz rəhmətlik Əbülfəz Elçibəyin xatirəsini mən də hər zaman fikrimdə canlandırıb və bəzi acı olaylarda Bəyin sözündən ruh alıb, o ağır görəvi xatırlayaraq yola davam deyirəm. O missiyanı daşımağa heç nə mane olmayıb, olmaz da. 1996-cı ildə Təbrizdə millətimlə bağladığım ilqara hər zaman çox vəfalıyam. Daha doğrusu, yaşamağımın təkcə nədəni milli məfkurəmiz, milli mücadiləmiz və milli qurtuluşumuzdur.

   Ancaq baxışlarda fərq var. Bu gün Güneydə savaş qılıncla, tüfənglə, bomba ilə deyil, düşüncə ilə, mədəniyyətlə, oyanışla yürüməkdədir. Bir millətin dirilmə, yenidən doğma və var olma savaşıdır. Belə bir hərəkatda öndərliyə mənsub olan birisi də, böyük və tələsməz bir ruha sahib olmalı və bu döyüşü uzun sürəli bir mücadilə görməlidir. Müasir tariximizdə dəfələrlə ələ düşən fürsəti qapalım deyə, başqa ideologiyalara arxalanıb, milli məfkurəmizi yetəri qədər canlandırmadan, millətləşmədən, meydana girmiş və yenilmişik. Bu dəfə hardan zərbə aldığımızı tam düşünərək, birinci öz ulusumuza dayanaraq, mücadiləyə girdik. Amma bu dəfə yenilməməliyik, demək ki, tarix bizə bu izni verməyəcək və yenilməyəcəyik də. Bu həyatımda ən çox inandığım həqiqətdir. Sizcə belə bir mükəmməl hərəkat bir-iki ildə baş verib bitərmi? Sizcə, belə bir hərəkatın öndərliyi necə olmalıdır? Terror düşərgələrində "öldürün" deyib ölüm və qana yönləndirməkləmi öndərlik edəsən? Yoxsa düşüncələri sağlamaqlamı, hüzur və insanlığa rəhbər olmaqlamı?

   Sonunda bir daha xatırladım ki, bu gün Güney Azərbaycan milli hərəkatı yüzlərlə Çöhrəqanlı yetişdirib. Bu isə bu fəlsəfənin özəlliyidir. Bu liderlər birinci özlərinə tam güvənirlər və sonra eyni güvənci Güney Azərbaycan ulusunun tapdaq altında olan ruhiyyatına aşılayaraq birlikdə hərəkatı bütün qatlara aparıb, bu gün İranda ən böyük gücə çevrilməkdədir. Bir gün bu hərəkat bu milləti qurtaracaq, dünyada azad və məğrur millətlər sırasında öz iradəsini ortaya qoyacaq. O gün bəlkə mən o fəlsəfənin bir parçası kimi artıq aranizda olmayam. Ancaq mən o parlaq günü indidən çox aydınca görürəm.

   






Aqil CAMAL





 


 





 


 قایناق :  
 کاتگوری ¬ Türkce-Dr.çöhreqanli  

0 بوخبرین یوروم سایی        0  اونای سیز یوروملار
     

         

Sayfalar  

  Mahmudəli Çöhrəqanlı: "Güneydəki milli şüur nə Quzeydə var, nə də Türkiyədə"

 Mahmudəli Çöhrəqanlı: